Mən arıçı oğluyam. Uşaqlığıma baxanda arılarla və balla bağlı çoxlu xatirələri görə bilirəm. Xoş və şirin xatirələr. Mövzuya keçməzdən əvvəl onu deyim ki, keçmiş acılı olsa da, xoş təsir bağışlayır. Xüsusilə isti yay günlərində yaşananlar.
Bu yazı arılardan başlayıb balı
n pula çevrilməsində bitəcək. Arılarla insanın əməyini birləşdirib necə pula çevirməyi izah etməyə çalışacağam. Bilərəkdən başlıqda çiçəyi şüşələrə doldurub satmağı qeyd etmişəm. Əslində, satacağımız baldır, çiçək deyil. Əlbəttə, siz çiçəyin özünü də sata bilərsiniz. O da maraqlı sahədir, gəlirlidir. Biz isə çiçəklərlə daha gözəl işləyən varlıqların məhsulu haqqında yazırıq.
Arıların missiyası tozlandırmaqdır. Arıları bitkilər idarə edir. Hər bitki gözəl ətirlər ifraz etməklə, çiçəyini gözoxşayan rənglərə bürüməklə arıların ağlını başından alır. Mən gözümlə görmüşəm ki, arılar pətəklərin qabağında balı qoyub çiçəyin arxasınca uçurlar. Onlar buna məhkumdur. Bu onların təbiətidir. Arı tozlandırmalı, tozlandırmalı, yenə də tozlandırmalıdır. Arı bunun üçün doğulub. Biz onun bu missiyasından qazanırıq. Eyni zamanda, bütün təbiət onlara borcludur. Bu canlılar ekoloji bərpanın lap zirvəsində dayanır. Arılar tozcuqları çiçəkdən çiçəyə daşımaqla onları mayalandırır.
Tozlanma (bitkilərin tozlanması) – yetişmiş erkəkciyin toz hüceyrələrinin örtülütoxumlularda dişiciyin, çılpaqtoxumlularda isə yumurtacığın ağızcığına düşməsi. Tozcuğun üst qatı boruya çevrilərək içərisindəki erkək hüceyrəsini (sperma) yumurta hüceyrəyə çatdırır və onu mayalayır, nəticədə ziqot (rüşeym) əmələ gəlir.
İstehsal: Bu mövzunu işləmək təklif olunanda elm adamı olmadığımı düşündüm. Mən ancaq oxuduqlarımı və təcrübələrimi yaza bilərəm. Elə isə həm arıçıya, həm də digər insanlara maraqlı olacaq faktı qeyd edim. Arının məhsullarının sayı 10-dan çoxdur. Siz, yəqin ki, bir neçəsini eşidibsiniz. Əsasən, balı hamı tanıyır. Bəs başqaları? Onda başlayaq:
Bal, çiçək tozu (polen), güləm, arı südü, mum, homogenat, propolis, arı ölüsü cövhəri, mum güvəsi cövhəri, arı zəhəri, arı havası, arı titrəşimləri və s. Bütün bunlar dəyərdir. Həm şəfa verir, eyni zamanda müştərisi var, arıçılar onu satıb pula çevirə bilər.
Jurnalist təhsili aldığım üçün internet televiziyalarının birində işləyirdim. Atam isə balı satmağıma kömək etməyimi istədi. Həmin il məhsul bol olmuşdu. Bal işinə başlayanda çox çətinlik çəkdim. Dostlar olmasaydı, yəqin ki, indiki kimi olmayacaqdı. Sizə nə lazım olduğunu izah edəcəyəm. Ümid edirəm, köməyi dəyər.
Əgər sizin 10 arı ailəniz varsa, onu 20-yə çatdırın. 20-si varsa, 50 edin. 50 də azdır. Çalışın, 100 olsun. Düşünürəm ki, bir təsərrüfatda 100 arı ailəsi olarsa, bu arılar öz sahiblərinin maddi ehtiyaclarını tamamilə ödəyə bilər. Buna görə 100 arı ailəsini qeyd etdim. Həm də bu təsərrüfata bir şəxs qulluq edə bilər. Əlbəttə, yazın başında, bal süzümündə, köç zamanı köməyə ehtiyac olacaq.
Arınız varsa, balınız da olmalıdır. Məqsəd pul qazanmaqdırsa, onda arının, ən azı, balı olmalıdır. Arının ən çox satılan məhsulu baldır. Hobbi kimi arı saxlayanlar məhsulun kəmiyyətini nəzərə almırlar. Onlara olar. Mənim kömək etmək istədiyim insan arıçılıqla ailəsinin təminatını ödəmək istəyən şəxsdir. Ona görə balınız az olursa, üç şeyə diqqət etmək lazımdır: təbiət, işlədiyiniz arıların keyfiyyəti və sizin peşəkarlığınız. Siz peşəkar olmağı qarşınıza məqsəd qoymalı, hər zaman oxumalı, videolardan dünyadakı yenilikləri öyrənməli, arıçılarla müzakirələr aparmalısınız. Arıların olduğu yerdə gəlir azdırsa, arıları köçürün. Arıçılar belə deyir: “Bal təkər üzərindədir”. Yəni köçəri arıçılıq etməsən, məhsul az olacaq. Arı ailələrinin anasını bir, yaxud iki ildən bir dəyişməklə seleksiya olunmuş ana arılarla işləməlisiniz. Bu sizə gəlir gətirəcək.
Bunu həll etdikdə əsas və çətin mərhələ gəlir: balı satmaq. Burada dayanaq. Siz satdığınız balı yaxşı tanımalısınız. Arınıza şərbət verməklə istehsal olunan bal 100% təbii bal ola bilməz. Əgər belə məhsulunuz varsa, müştəri onu bilməlidir. Əks halda, siz saxtakarlıq etmiş olursunuz. Bu, qanun pozuntusu olmaqla yanaşı, mənəvi baxımından da doğru deyil.
Qablaşdırma:
Satmaq, xüsusilə haqqında çoxlu doğru olmayan bilgilər olan qida məhsulunu – balı satmaq çətindir. Mən brendləşmənin tərəfdarıyam. Bu prosesi izah edəcəyəm. Minlərlə arıçı varsa, hər kəs orijinal ad seçə bilməz. Sadəcə, “Arıçı Filankəs” də seçimdir. Bölgələrdə yaxşıdır hətta. Bu, “Filankəs oğulları”, yaşadığınız kəndin adı, dağınız, obanız, tayfanız və s. də ola bilər. Adı seçəndə birdəfəlik seçin ki, sonra dəyişməyəsiniz. İstər ad olsun, istər nömrə, istər ünvan, dəyişdikdə bu, müştəri itkisinə səbəb ola bilər. Adı seçdinizsə, yeni nömrə ala bilərsiniz. Bu, köhnədən sizdə olan nömrənizi işlətməkdən daha yaxşıdır. Mobil operator isə müştərilərinizin ən çox istifadə etdiyi olsun. İndi sizə dizayner lazımdır. O sizin seçdiyiniz adı dizayn etməklə məhsulunuza dəyər qatacaq. Loqonuz sadə, aydın, maksimum az rənglərdən istifadə edilməklə düzəlsə, xeyrinizə olacaq. Dizaynerlər bu barədə sizə daha yaxşı təkliflər edə, çoxlu məlumat verə bilər. Burada da vacib məsələ ən azı 5-10 il ərzində bu loqonu dəyişdirməməkdir. Ona görə bu işi də keyfiyyətli görmək şərtdir. Etiraf edim ki, mən bu səhvi etmişəm.
Loqo – bir məhsul, xidmət və ya qurumu təmsil etmək məqsədilə istifadə edilən, bütöv bir quruluşa malik zahiri simvol və ya qrafiki işarələridir.
Brendin adı, loqosu ilə yanaşı sloqan da vacib elementdir. Sloqan sizin məhsulu izah edəcək kiçik fikir, cümlədir. Deyək ki, siz Ormeşən kəndindənsiniz. Sizin sloqan “Ormeşən dağlarından” ola bilər. Ya da “Arılardan süfrənizə”, “Çiçək-çiçək topladıq” kimi sloqan seçmək mümkündür.
Sloqanı da dizaynerə bildirin. O həm də sizin üçün etiketlər hazırlayacaq. Bu etiketlər sizin məhsulun üzərinə vurulacaq. Orada brendin adı, sloqanı, balın adı, çəkisi, yığılma yeri və vaxtı, hansı çiçəklərdən yığılması, nömrəniz, sosial media ünvanlarınız, varsa, saytınız qeyd olunacaq. Sosial media səhifələrinin olması, saytın olması sizə əlavə müştəri qazandıracaq. Səhifələr daimi olmalı, tez-tez dəyişdirilməməli, brendin adı ilə uyğun olmalıdır.
Balın adını seçmək üçün müxtəlif yanaşmalarınız ola bilər. Yığılma regionuna görə “Ağstafa balı”, “Faxralı balı”, “Qazax dağ balı”, “Alazan balı” kimi adlar seçmək olar. Yığılma zamanına görə də seçim olur. Xüsusilə “may balı”, “yay balı” kimi adlar verilir. Bəzən bu adların əvvəlinə regionu da əlavə edirlər. Yaxud balın əsasını təşkil edən çiçəyə görə ad verə bilərsiniz. “Akasiya balı”, “biyan balı”, “qaratikan balı” və s. adlar geniş yayılıb. Meşə-çəmən balı, çiçək balı, yaylaq balı sizin üçün seçimlərdən biri ola bilər. Burada vacib olan məsələ dürüstlük və davamlılıqdır. Dürüstlük odur ki, sən akasiya balını qaratikan adı ilə, cökə balını isə akasiya adı ilə satmayacaqsan. Müştərilərə eyni dadda, eyni adda hər il bal təqdim edə bilmək vacibdir. Bu davamlılıq müştərini sizə bağlayacaq. Düzdür, hər il təbiət sizə eyni cür məhsul vermir. Bal hər il fərqli olduqda bunu müştərilərə izah etmək lazımdır.
Balın çəkisi, əsasən, 1 kq, 400-500 qr və daha kiçik ölçüdə ola bilər. Qablaşdırma etdikdə ən azı iki çəkidə olmalıdır. Bu, müştəriyə maddi imkanlarına uyğun alış etməyə imkan yaradır. Avropada daha çox kiçik ölçülərdə təqdim olunur. 250-500 qramlıq qablaşdırmalara üstünlük verilir. Azərbaycan və Gürcüstan kimi ölkələrdə isə, əsasən, 1 kq tutan qablarda satış edilir.
Bal qabları, əsasən, şüşə olacaq. Plastik qablarda da satmaq olar. Bu qablar qida üçün yararlı olmalıdır. Ağzı dar olan qablarda satılacaq ballar xarlanmamalıdır. Bu isə kiçik təsərrüfatlarda mümkün deyil. Ona görə ən uyğun variant şüşə bankalar və ağızı böyük plastik qablardır.
Bal süzümündən sonra qablaşdırılmaya qədər olan zamanda balı, əsasən, qidaya yararlı plastik qablarda, taxta çəlləklərdə, şüşə qablarda və nerj qablarda saxlamaq vacibdir. Alüminium bidonlar, birqat və rəngli plastik qablar bal saxlanması üçün uyğun deyil.
Bal doldurulması zamanı əldə əlcək olmalı, ağ, təmiz paltar geyinilməli, bal qablarının ağzı uzun müddət açıq qalmamalı, balın içərisinə toz, yad maddələrin düşməsi minimuma endirilməlidir. Çünki biz “yuyulmayan məhsul” istehsalçısıyıq. Bal doldurulacaq qablar sterilizasiya olunmalı, belə deyək, tamamilə təmiz olmalıdır. Bal satdığınız bankalar ikinci əl olmamalıdır. Bal nəmliliyi və qoxunu özünə çəkən məhsuldur! Balın saxlanması və qablaşdırılması zamanı buna diqqət edilməlidir!
Qabların qapağı kip bağlanılmalı, dizayn zamanı elə həll yolu seçilməlidir ki, müştəri “qablaşdırmadan sonra qapağı ilk açan sizsiniz” fikrinə hakim olmalıdır. Doğrudan da, qablaşdırma və qapaq yalnız müştəri tərəfindən açılmalıdır. Bunun üçün ya siz qapaqla banka üzərindəki etiketi birləşdirməli, ya da qapağı örtən kağız və ya parçanı iplə bağlamalısınız. Bir üsul isə banka qapaqlarına isti verməklə kipliyi təmin olunan sərt sellofanların keçirilməsidir.
Balın saxlanılması üçün ideal temperatur otaq temperaturu qeyd olunur. Mən bununla razı deyiləm. Temperaturun aşağı olması daha yaxşıdır. Mümkün olsa, bütün balları +5° dərəcədə saxlayardım. Bu zaman balın xarlanması gecikir, tərkibindəki faydalı elementlər daha yaxşı qorunur. Ən pis halda qaranlıq və sərin otaqlarda saxlayın. Şəffaf qabların üzərinə birbaşa günəş şüası düşməməlidir. Yüksək temperatur və günəş şüası bala ən çox zərər vuran elementlərdir. Məhsulu topdan verdiyiniz dükanlarda da bu qaydalara əməl edilməsini tələb edin.
Satış:
Balın satılmasında əsas şərt geniş əhatə dairəsinin olmasıdır. Azərbaycanlılar, əsasən, “tanış”dan bal alır. Bu, bal bazarında problemdir. Tanışlıqdan istifadə edilməklə aldadılan çoxlu müştərilər olur. Siz bu problemin avantajlarından istifadə etməklə satışı böyüdə bilərsiniz. Yəni tanış şəxslər üzərindən yeni müştərilər qazanmaq şansı var. Sayt və sosial media hesablarınız sizin müştərilərinizi artıra bilər. Bunun üçün peşəkar qida istehsalçısı və satıcı olan bizneslərin işindən yararlana bilərsiniz. Bəzi şeyləri təcrübə etmək lazımdır. Elə şeylər var ki, onlar artıq təcrübədən keçib və sizin yeni təcrübəyə ehtiyacınız yoxdur. Əldə olanı işə tətbiq etmək lazımdır. Bundan başqa, məhsullarınızın satıcısı olan şəxsləri tapa bilərsiniz. Onlara münasib qiymətə bal təklif edin, minimum 50 kq olmaqla sizdən bal alıb pərakəndə satışını edə bilərlər. Topdan bal qiymətləri pərakəndə satışdan 40-50 faiz ucuz olmalıdır.
Müştəriləri aldatmayın! Biznesdə, xüsusilə bal satışında yalan bağışlanmır!
Yazının sonunda ümumi olaraq fikrimi qısaca çatdırmaq istəyirəm. Arıçı peşəkarlığı, inkişafı, elmi yanaşmanı seçməli, təsərrüfata yatırım etməli, yeniliklərə açıq olmalıdır. Ən əsası, təmiz məhsul istehsal etməlidir! Təmiz və təbii! Təmizlik həm süni məhsullardan uzaq olmağı nəzərdə tutur, həm də gigiyenik qaydalara əməl etməyi.
Peşəkar arıçı, təbii və keyfiyyətli bal, gözəl qablaşdırma, düzgün satış strategiyası!